Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan iki şəxslə bağlı məhkəmə prosesi başa çatıb.
Bu iş Azərbaycanda ilk dəfə kriptovalyutanın dövlətin xeyrinə müsadirə olunması ilə yadda qalıb.
Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə – xüsusilə külli miqdarda pul vəsaitlərinin qarşılıqlı əvəzləşdirmə və digər hesablaşma üsulları vasitəsilə Azərbaycandan xarici ölkəyə və ya xaricdən Azərbaycana qanunsuz, gizli köçürülməsinin təşkilində təqsirli biliniblər.
B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə cəzasına məhkum edilib.
İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə ilə cəzalandırılıb.
Məhkəmənin hökmü ilə ibtidai istintaq zamanı məhkəmə qərarı əsasında həbs qoyulmuş və beynəlxalq virtual aktivlər platforması Binance hesabında saxlanılan 830 vahid kriptovalyuta dövlətin xeyrinə müsadirə edilib.

