Oktyabrın 13–15-də Azərbaycanın informasiya resurslarına qarşı həyata keçirilən DDoS hücumlarında “Litterbox” (Catbox) adlı kommersiya xidmətindən istifadə edildiyi müəyyən olunub.
Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumlara görə məsuliyyəti “Telegram” platformasında fəaliyyət göstərən “313 Team” haktivist qruplaşması öz üzərinə götürüb.
Kiberhücumlar zamanı dövlət qurumlarının, media təşkilatlarının, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və digər təşkilatların informasiya resursları hədəfə alınıb.
Aparılan texniki təhlillər nəticəsində mütəxəssislər hücumların “Litterbox” (Catbox) adlı kommersiya DDoS xidməti vasitəsilə həyata keçirildiyini müəyyən ediblər.
Bu xidmət “Telegram” kanalları üzərindən təqdim olunur və ödənişlər kriptovalyuta ilə qəbul edilir.
Xidmət GRE, ICMP, UDP və TCP daxil olmaqla müxtəlif protokollar vasitəsilə intensiv şəbəkə trafiki yaradaraq hədəf seçilən informasiya resurslarının fəaliyyətini pozmağa imkan verir.
Araşdırma zamanı məlum olub ki, “Litterbox” hücum trafikini əvvəlcədən seçilmiş ölkələrdə yerləşən botlar vasitəsilə yönləndirmək imkanına da malikdir. Bu xüsusiyyət trafikin coğrafi mənşəyinə əsaslanan müdafiə tədbirlərinin effektivliyini azalda bilər.
Bildirilib ki, kommersiya botnet xidmətlərindən istifadə DDoS hücumlarının təşkilini asanlaşdırır, hücum edən şəxslərin texniki imkanlarını genişləndirir və təşkilatların kibertəhlükəsizliyi üçün əlavə risklər yaradır.
Milli Kibertəhlükəsizlik Agentliyi bu cür kibertəhdidlərlə bağlı araşdırmaları davam etdirir, informasiya resurslarının mühafizəsinin gücləndirilməsi və mümkün insidentlərin nəticələrinin azaldılması istiqamətində tədbirlər görür.
Həmin hücumlarla əlaqəli komprometasiya indikatorları Agentliyin istifadə etdiyi misp.cert.az insident məlumatlarının mübadiləsi platformasına əlavə edilib.
Aidiyyəti təşkilatlara informasiya resurslarının DDoS hücumlarına qarşı dayanıqlılığını artırmaq, şəbəkə trafikini fasiləsiz izləmək və müdafiə mexanizmlərini təkmilləşdirmək tövsiyə olunub.

