Axşam yeməyinin vaxtı təkcə həzm prosesinə deyil, yuxunun keyfiyyətinə və maddələr mübadiləsinə də təsir göstərir. Uzunömürlülük və qidalanma üzrə mütəxəssislərin fikrincə, yatmazdan ən azı üç saat əvvəl yemək yemək orqanizmin daha yaxşı bərpa olunmasına kömək edə bilər.
Cənubi Kaliforniya Universitetinin Uzunömürlülük İnstitutunun direktoru Valter Lonqo GQ nəşrinə müsahibəsində sağlamlıq baxımından axşam yeməyi üçün ən uyğun vaxtdan danışıb.
Onun sözlərinə görə, günün son yeməyi yatmazdan ən azı üç saat əvvəl qəbul edilməlidir. Bu qaydaya əməl olunmadıqda orqanizmin yuxu və oyaqlıq rejimini tənzimləyən daxili bioloji saatın, yəni sirkad ritmlərin fəaliyyəti pozula bilər.
“Axşam yeməyini daha gec vaxta saxladıqda orqanizm hələ də aktiv olmalı olduğuna dair siqnal alır. Bu, yatmazdan əvvəl parlaq işığa məruz qalmaq kimi, yuxunun keyfiyyətinə və kalorilərin yandırılması prosesinə mənfi təsir göstərə bilər”, – deyə Lonqo bildirib.
Mütəxəssislər hesab edirlər ki, axşam yeməyi ilə səhər yeməyi arasında daha uzun fasilə saxlamaq orqanizmin yağ ehtiyatlarından enerji mənbəyi kimi istifadə etməsinə kömək edir.
Surrey Universitetinin qidalanma üzrə dosenti Adam Kollinz bunun maddələr mübadiləsi üçün əhəmiyyətini izah edib.
“Beləliklə, orqanizmi təbii fəaliyyətinə uyğunlaşdırırsınız: karbohidrat qəbul etdikdə onları, qida qəbul etmədikdə isə yağları yandırmağa başlayır. Bu, çəkinin azalmasına kömək edə və ümumilikdə maddələr mübadiləsinin sağlamlığına müsbət təsir göstərə bilər”, – deyə mütəxəssis qeyd edib.

Ekspertlərin fikrincə, yatmazdan üç saat əvvəl axşam yeməyi yemək orqanizmin istirahətə hazırlaşmasına və bioloji ritmlərin pozulması riskinin azalmasına kömək edir.
Axşam yeməyi ilə səhər yeməyi arasında təxminən 12 saat fasilə saxlamaq isə təbii maddələr mübadiləsini və yağların enerji üçün istifadə olunması prosesini dəstəkləyə bilər.
Mütəxəssislərin sözlərinə görə, 100 yaşına qədər və daha çox yaşayan insanlar arasında geniş yayılmış qidalanma vərdişlərindən biri erkən saatlarda yüngül axşam yeməyi yeməkdir. Bu zaman axşam yeməyi ilə növbəti günün səhər yeməyi arasında təxminən 12 saat fasilə olur.

