Şirniyyatdan imtina etmək çox vaxt iradə sınağı kimi qəbul edilir. Lakin yeni araşdırma göstərir ki, bu prosesdə təkcə insanın qətiyyəti deyil, psixoloji vəziyyəti və əvvəlki qidalanma vərdişləri də mühüm rol oynayır.
Oklend Texnologiya Universitetinin alimləri sərbəst şəkər qəbulunu dayandırmağa çalışan 203 könüllü üzərində araşdırma aparıblar.
İki həftə ərzində iştirakçılar gündə beş dəfə şirniyyat yeyib-yemədiklərini, şirin qidalara istək hiss edib-etmədiklərini və ümumi vəziyyətlərini qeydə alıblar.
Nəticələr göstərib ki, iştirakçıların yalnız üçdə biri 14 gün ərzində şəkərdən tamamilə uzaq dura bilib. Bununla belə, tipik iştirakçı iki həftə ərzində cəmi iki gün şirniyyat qəbul edib.

Bu barədə Oklend Texnologiya Universitetinin Psixologiya və Neyroelmlər Departamentinin tədqiqatçısı Rimke Beyker RİA Novosti agentliyinə danışıb.
Alimlərin müəyyən etdiyinə görə, şəkərdən imtinanı çətinləşdirən dörd əsas amil var:
1. Yüksək stress səviyyəsi. Əsəb gərginliyi şirniyyata meyli və şəkərdən imtina zamanı yaranan əlamətləri gücləndirir.
2. Narahatlıq hissi. Davamlı təşviş şirin qidalara qarşı istəyə müqavimət göstərməyi çətinləşdirir.
3. Əvvəllər çox şəkər qəbul etmək. İnsan nə qədər çox şəkər istehlak edibsə, ondan imtina etmək bir o qədər çətin olur.

4. Özünə inamsızlıq. Qidalanma vərdişlərini idarə edə biləcəyinə şübhə etmək əvvəlki vərdişlərə qayıtmaq ehtimalını artırır.
“Maraqlıdır ki, şəkərdən imtina etməzdən əvvəl daha yüksək stress və narahatlıq səviyyəsi bildirmiş insanlarda daha çox imtina əlamətinin yaranması ehtimalı da yüksək olub”, – deyə Beyker bildirib.
Tədqiqatçı vurğulayıb ki, şəkərdən tamamilə imtina etməyi uğurun yeganə göstəricisi hesab etmək düzgün deyil.
Onun sözlərinə görə, bir dəfə şirniyyat yemək bütün cəhdin uğursuzluqla nəticələndiyi anlamına gəlmir.

