Azərbaycanda dövlət informasiya infrastrukturuna qarşı genişmiqyaslı kiberhücum həyata keçirilib. 100-dən çox dövlət domeni hədəfə alınıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, hücum 13 oktyabr saat 22:00 radələrindən başlayıb və xarici haker qruplaşması tərəfindən həyata keçirilib.
Kiberhücum nəticəsində bir sıra dövlət qurumlarının internet resurslarının fəaliyyətində müvəqqəti fasilələr yaranıb.
Görülən texniki tədbirlər nəticəsində hücumun təsiri məhdudlaşdırılıb və saytların davamlı fəaliyyəti təmin edilib.
Hazırda dövlət informasiya resurslarının qorunması və kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

