Gürcüstan prezidenti Mixeil Kavelashvili yerli seçkilərdə səs verib və öz seçimini “sülh və inkişaf” naminə etdiyini bəyan edib.
“Cəmiyyətə qarşı səmimi olacağam. Mənim üçün seçim asan idi. Bir tərəfdə sülh, inkişaf, sabitlik var, digər tərəfdə isə təəssüf ki, qarşıdurma və parçalanma. Əminəm ki, cəmiyyətimiz də düzgün qərar verəcək.”
DenMedia.az xəbər verir ki, bunu prezident TASS-a bildirib.
Ondan əvvəl parlamentin sədri Şalva Papuaşvili də səs verərək seçki zamanı hakimiyyətin zorakı yolla devrilməsi planlarından imtina etməyə çağırıb. O, bəzi partiyaları, media qurumlarını və QHT-ləri seçki prosesinə maneə törətməkdə ittiham edib.
Bu arada, ölkənin müxtəlif bölgələrindən yüzlərlə avtomobil kolonnası ilə Tbilisiyə doğru yola düşüb, şəhərdə gərginlik yüksəlib.
Etirazçılar artıq prezidentin iqamətgahının həyətinə daxil olub, metal baryerləri sındırıblar.
4 oktyabrda Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir. Səsvermə Tbilisi, Kutaisi, Batumi, Rustavi və Poti şəhərlərindəki merləri, 59 bələdiyyə rəhbərini və 64 şəhər şurasının deputatlarını əhatə edir.