ABŞ-nin Nyu-Meksiko ştatında 26 yaşlı hamilə məhbus doğuşaqədərki tibbi müayinədən sonra həbsxanaya qaytarılarkən xidməti avtomobili qaçıraraq aradan çıxıb.
Denmedia.az ABC News-a istinadən xəbər verir ki, Nyu-Meksiko Penitensiar Xidmətinin məlumatına görə, Rebekka Teylor adlı məhbusun qaçması Albukerke şəhərində qeydə alınıb.
Hadisə çərşənbə günü səhər saatlarında baş verib. Avtomobildə olan və tibbi müayinədən qayıdan digər hamilə məhbus nəqliyyat vasitəsindən düşə bilib.
Penitensiar Xidmətin sözçüsü Brittani Rembax “Albuquerque Journal” nəşrinə açıqlamasında Teylorun hamiləliyin ikinci trimestrində olduğunu bildirib.
Qaçırılan avtomobil və Teylorun məhbus geyimi sonradan tapılsa da, qadının yerini müəyyən etmək mümkün olmayıb. Onun bir neçə oğurluq və mənzildən oğurluq cinayətinə görə cəza çəkdiyi bildirilir.
Hadisədən sonra ştatın bütün həbsxanalarında təhlükəsizlik tədbirləri gücləndirilib və hərəkət məhdudiyyətləri tətbiq olunub. Məhdudiyyətlər cümə axşamı saat 06:00-da aradan qaldırılıb. Lakin Teylorun cəza çəkdiyi Qərbi Nyu-Meksiko həbsxanasında məhdudiyyətlər qüvvədə qalır və ziyarətçilər qəbul edilmir.
Bir neçə hüquq-mühafizə qurumunun iştirakı ilə axtarış əməliyyatı davam etdirilir. Rəsmilər vətəndaşlara Teyloru gördükləri təqdirdə ona yaxınlaşmamağı və dərhal polisə məlumat verməyi tövsiyə ediblər.

