Naxçıvanda Yaqub Budaqov adına Psixiatriya Dispanserində və Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında pasiyentlərin saxlanma şəraiti, qidalanmasının təşkili və tibbi kadrlarla təminatında nöqsanlar aşkarlanıb.
Denmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından verilən məlumata görə, nöqsanlar Milli Preventiv Mexanizm çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən keçirilən monitorinq zamanı müəyyən edilib.
Hər iki müəssisədə pasiyentlərin mövsümə uyğun geyim və şəxsi gigiyena vasitələri ilə yetərincə təmin edilmədiyi, yataq ləvazimatlarının yararsız vəziyyətdə olduğu, qidalanma və kadr çatışmazlığı ilə bağlı problemlərin mövcudluğu müəyyənləşdirilib. Müəssisələrin binalarının da təmirə ehtiyacı olduğu bildirilib.
Yaqub Budaqov adına Psixiatriya Dispanserində ixtisaslı həkimlər üzrə vakant yerlərin olduğu, qidalanmanın təşkilində nöqsanlara yol verildiyi və camaşırxana avadanlıqlarının nasaz vəziyyətdə olduğu aşkarlanıb. Kadr çatışmazlığının pasiyentlərin ixtisaslı tibbi yardım almaq imkanlarını məhdudlaşdırdığı qeyd edilib.
Kürdəmir Rayon Psixiatriya Xəstəxanasının kişi və qadın şöbələrinin bəzi palatalarında istilik sisteminin olmadığı, sanitar-gigiyenik şəraitin isə qənaətbəxş səviyyədə olmadığı müəyyən edilib. Bundan əlavə, pasiyentlərin qida rasionuna tərəvəzlərin daxil edilmədiyi və sənədləşmənin aparılmasında nöqsanların olduğu aşkarlanıb.
Ombudsman Aparatı pasiyentlərin saxlanma şəraitinin yaxşılaşdırılması və hüquqlarının təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Monitorinqin yekununda müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

