Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elbrus Bayramovun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə Denmedia.az- a şəhidin ailə üzvləri məlumat veriblər.
Tədbirdə şəhidin ailə üzvləri, dövlət və ictimaiyyət nümayəndələri, hərbçilər, ziyalılar və digər qonaqlar iştirak ediblər. Anım mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də iştirak edərək şəhidin xatirəsini ehtiramla yad edib.
Mərasimdə Elbrus Bayramovun şərəfli döyüş yolu, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq, yüksək vətənpərvərlik ruhu və Azərbaycan torpaqlarının azadlığı naminə fədakarlığı barədə söz açılıb. Qeyd olunub ki, Vətən Müharibəsi Qəhrəmanlarının həyat yolu, mübarizəsi və göstərdikləri misilsiz şücaət gələcək nəsillər üçün örnəkdir. Onların adı, xalqın yaddaşında, milli qürurunda və dövlətçilik düşüncəsində əbədi yaşayacaq.
Abdin Fərzəliyev tədbirdə şəhidlərin xatirəsinin yaşadılmasının, onların ailələrinə diqqət və qayğı göstərilməsinin dövlətin və cəmiyyətin mənəvi borcu olduğunu bir daha nümayiş etdirib. Şəhid ailələrinə göstərilən diqqət, onların problemlərinin həllinə həssas yanaşma və daim yanlarında olmaq yalnız bir sosial məsuliyyət deyil, həm də Vətən uğrunda canından keçən qəhrəmanlara ehtiramın ifadəsidir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrinə göstərilən diqqət və qayğı ilə seçilir. Onun bu istiqamətdə həyata keçirdiyi görüşlər, ziyarətlər və tədbirlər şəhid ailələrinin cəmiyyətin diqqət mərkəzində saxlanılmasına, onların mənəvi dəstək hiss etməsinə xidmət edir.
Anım tədbiri şəhid Elbrus Bayramovun əziz xatirəsinin yad edilməsi, onun qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması və şəhid ailələrinə göstərilən ehtiramın ifadəsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Şəhidlər ölmür, onlar Vətən torpağında, xalqın yaddaşında və gələcək nəsillərin qürurunda yaşayırlar.



Nizami Rəsulov
Denmedia.az

