Macarıstanın keçmiş baş naziri Viktor Orban və onun siyasi direktoru Balaş Orban “Pro Patria International Foundation” adlı analitik mərkəz təsis ediblər.
Denmedia.az “Politico” nəşrinə istinadən xəbər verir ki, bu barədə Balaş Orban müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, yeni qurumun məqsədi Avropa İttifaqında institusional islahatlarla bağlı müzakirələri fəallaşdırmaq, həmçinin milli suverenlik və ənənəvi dəyərlər ideyalarına sadiq olan mütəfəkkirləri və təşkilatları bir araya gətirməkdir.
Mərkəz Brüsseldə təmsil olunacaq, lakin orada ayrıca ofisinin açılması nəzərdə tutulmur. Balaş Orbanın sözlərinə görə, fond yerli və beynəlxalq donorlar tərəfindən maliyyələşdiriləcək. Artıq vəsaitlərin toplanmasına başlanılıb.
Fondun ABŞ-dən maliyyə dəstəyi almaq üçün müraciət edib-etməyəcəyi hələ məlum deyil. Bundan əvvəl Ağ Ev Avropadakı mühafizəkar analitik mərkəzlərə milyonlarla avro vəsait ayırıb.
Macarıstan hökumətinə 16 il rəhbərlik edən Viktor Orban 2026-cı ilin aprelində keçirilən seçkilərdə “Tisa” partiyasının lideri Peter Madyara məğlub olub.
Hakimiyyət dəyişikliyindən sonra Orbanın yaratdığı mühafizəkar analitik mərkəzlər şəbəkəsinin fəaliyyəti faktiki olaraq dayandırılıb. Yeni qurumun digər fəaliyyət istiqamətləri ilə yanaşı, Macarıstanın hazırkı hökumətinin siyasi kursuna qarşı müxalif mövqeləri dəstəkləyəcəyi gözlənilir.

