Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda 2004 və 2005-ci illərdə üç uşağın müəmmalı ölümü ilə bağlı aparılan istintaq zamanı yeni faktlar üzə çıxıb.
Denmedia.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, İstanbul İl Jandarma Komandanlığının əməkdaşları hər üç uşağın eyni qadın tərəfindən öldürüldüyünü müəyyən ediblər. Öz övladı da daxil olmaqla üç uşağı öldürməkdə şübhəli bilinən A.A. və hadisələri ört-basdır etməkdə şübhəli bilinən altı nəfər saxlanılıb.
Açılmamış cinayətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində 2005-ci il martın 16-da itkin düşən üç yaş yarımlıq uşağın ölümü ilə bağlı istintaq yenidən başlanılıb. Həmin il martın 22-də uşağın meyiti ailəsinin yaşadığı binanın boşluğunda tapılmışdı.

İstintaq zamanı uşağın anası tərəfindən öldürüldüyünə dair yeni dəlillər əldə edilib. Araşdırmanı genişləndirən jandarma əməkdaşları qadının 2004-cü ildə daha iki uşağı – ərinin qardaşının və əmisinin övladlarını öldürməkdə şübhəli bilindiyini müəyyən ediblər.
İstintaqın məlumatına görə, hər üç ölüm hadisəsi ailə üzvləri tərəfindən ört-basdır edilib. İllər boyu açılmamış qalan cinayətlərlə bağlı yeni faktların əldə olunması istintaqın genişləndirilməsinə səbəb olub.

Keçirilən əməliyyatlar nəticəsində A.A. və onun qohumlarından biri İstanbulda, digər beş şübhəli isə Bitlisdə saxlanılıb. Saxlanılan yeddi nəfərin İstanbula gətirildiyi bildirilir.

