ABŞ-nin Tennessi ştatının hakimiyyət orqanları sentyabr ayında ölümcül inyeksiyadan sağ çıxan Krista Paykın edam hökmünü yenidən icra etmək hüququna malikdir.
Denmedia.az xəbər verir ki, bu barədə Riçmond Universitetinin hüquq professoru Korinna Leyn bildirib.
50 yaşlı Paykın edamı sentyabrın 30-na təyin edilsə də, iki doza preparatın yeridilməsindən sonra qadın sağ qalıb.
“Qanun Tennessi ştatının hakimiyyət orqanlarına onu yenidən edam etməyə cəhd göstərmək hüququ verir. 1947-ci ildə ABŞ Ali Məhkəməsi ‘Frensis Resveberə qarşı’ işi üzrə qərarında məhkumun edamı baş tutmadığı təqdirdə ştatın ikinci dəfə cəhd etmək hüququna malik olduğunu təsdiqləyib”, – professor bildirib.
Ekspertin sözlərinə görə, 1946-cı ildə Luiziana ştatında Villi Frensis elektrik stulunda edam cəhdindən sağ çıxıb. ABŞ Ali Məhkəməsi belə şəraitdə edam hökmünün yenidən icrasının Konstitusiyada nəzərdə tutulan qəddar və qeyri-adi cəza növlərinə dair qadağaya zidd olmadığına qərar verib.
Leyn hesab edir ki, həmin hüquqi presedent Krista Paykın işinə də şamil oluna bilər. Hər iki halda edam hökmünün icrasına başlanılsa da, məhkumlar sağ qalıblar. Professorun fikrincə, edam üsullarının fərqli olması məsələnin hüquqi mahiyyətini dəyişmir.

