Fransız kinosunun görkəmli simalarından biri olan Jerar Depardye səkkiz il əvvəl aktrisa Şarlott Arnunu zorlamaqda ittiham olunaraq məhkəmə qarşısına çıxacaq.
Denmedia.az BBC-yə istinadən xəbər verir ki, məhkəmədə 2018-ci il avqustun 7-də baş verdiyi iddia olunan hadisəyə baxılacaq.
Hadisə zamanı 22 yaşı olan və anoreksiya xəstəliyindən əziyyət çəkən Arnu Depardyenin onu iki dəfə zorladığını iddia edib. Teatr tamaşasının məşqi üçün həmin vaxt 69 yaşı olan aktyorun Parisdəki evinə gedən Arnu bir neçə gün sonra polisə müraciət edib. Depardye həm də aktrisanın atasının dostu olub.
Arnunun şikayəti əvvəlcə sübut çatışmazlığı səbəbindən rədd edilsə də, 2020-ci ilin yayında onun müraciəti əsasında məhkəmə istintaqı başlanılıb. 2025-ci ildə Depardyenin mühakimə olunması barədə qərar qəbul edilib, lakin aktyor həmin qərardan şikayət verib.
Apellyasiya Məhkəməsi aktyorun 2018-ci il avqustun 7-də Arnunu zorlamaqda ittiham olunaraq mühakimə edilməsinə qərar verib. Avqustun 13-də baş verdiyi iddia olunan ikinci zorlama hadisəsi ilə bağlı məhkəmə baxışı tələbi isə rədd edilib.
Hazırda 77 yaşı olan Depardye hər iki zorlama ittihamını rədd edir. O, 2023-cü ildə “Le Figaro” qəzetində yayımlanan məktubunda aralarında heç vaxt məcburiyyət və zorakılıq olmadığını bildirib.
Şarlott Arnunun vəkili Karin Düryö Dyebolt məhkəmənin qərarının müvəkkilini rahatlatdığını bildirib.
“Müvəkkilim uzun müddətdir bu anı gözləyirdi. Hazırda buna tam hazırdır”, – vəkil deyib.
Şəxsiyyətinin gizli saxlanılması hüququndan imtina edən Arnunun vəkili bu qərarın bir ilk olduğunu və qarşıdakı məhkəmə prosesinin tarixi əhəmiyyət daşıyacağını bildirib.
Depardyenin Apellyasiya Məhkəməsinin qərarından Fransanın Kassasiya Məhkəməsinə şikayət vermək hüququ var. Aktyorun vəkili David-Olivye Kaminski bu addımı atıb-atmayacaqlarına hələ qərar vermədiklərini qeyd edib.
Hüquq ekspertlərinin fikrincə, kassasiya şikayəti ciddi hüquqi maneələrlə üzləşə bilər. Belə ki, Kassasiya Məhkəməsi yalnız qanunvericiliyin düzgün tətbiq olunub-olunmadığını yoxlayır, işə mahiyyəti üzrə yenidən baxmır və sübutları təkrar araşdırmır.
Son illərdə Fransada #MeToo hərəkatının təsiri ilə Depardyenin çəkiliş meydançalarında və digər məkanlarda davranışları ilə bağlı bir sıra ittihamlar irəli sürülüb.
2025-ci ilin mayında Parisdə çəkiliş meydançasında iki qadına qarşı cinsi zorakılıq törətməkdə təqsirli bilinən Depardye 18 ay şərti həbs cəzasına məhkum edilib. Onun adı cinsi cinayət törətmiş şəxslərin reyestrinə daxil edilib və üzərinə təzminat ödəmək öhdəliyi qoyulub.
Ötən həftə həmin qərardan verdiyi şikayəti geri götürən aktyor rejissor Jan Bekkerin 2021-ci ildə çəkdiyi “Yaşıl jalüzlər” filminin çəkilişləri zamanı davranışlarına görə səmimi üzrxahlığını ifadə edib.
Fransa polisi, həmçinin Depardye və yazıçı Mişel Uelbekin 2018-ci ildə film çəkilişi zamanı kamera qarşısında bir qadına qarşı birgə cinsi zorakılıq törətmələri barədə iddiaları araşdırır.

