Qardaşı Frenklə birlikdə ABŞ-nin məşhur “Pizza Hut” restoranlar şəbəkəsini yaradan sahibkar Den Karni 95 yaşında vəfat edib.
Denmedia.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə iş adamının oğlu Maykl məlumat verib. Onun sözlərinə görə, atası noyabrın 13-də dünyasını dəyişib.
Karninin ölümünə xroniki obstruktiv ağciyər xəstəliyi səbəb olub. Bu xəstəlik tənəffüs yollarında hava axınının məhdudlaşması və nəfəsalmanın getdikcə çətinləşməsi ilə xarakterizə olunur.
Əsl adı Maykl Daniel Karni olan sahibkar 1931-ci il oktyabrın 6-da ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində anadan olub. O, Viçita şəhərində ərzaq mağazası işlədən qəssab Maykl Karni və Meri Frensisin yeddi övladından biri olub. Atasının ölümündən sonra yeniyetmə yaşlarında ailə biznesinin idarəçiliyini öz üzərinə götürüb.
“Pizza Hut”ın yaranma tarixi 1958-ci ilə təsadüf edir. Həmin vaxt Denin 26, qardaşı Frenkin isə 19 yaşı var idi.
Onların üçüncü biznes tərəfdaşı bacılarının qonşusu, pizza restoranında iş təcrübəsi olan Con Bender olub. Şəbəkənin özünəməxsus sousunun ilkin reseptini də məhz Bender hazırlayıb. Lakin bir neçə il sonra o, biznesdəki payını Karni qardaşlarına satıb.

