İtaliyada məktəblərdə burka və üzü örtən niqabdan istifadəni qadağan edən qanun layihəsi parlamentin aşağı palatası – Deputatlar Palatasında qəbul edilib.
Denmedia.az xəbər verir ki, daha əvvəl Senatın təsdiqindən keçən qanun layihəsinin lehinə 142, əleyhinə isə 112 deputat səs verib.
Baş nazir Corca Meloninin rəhbərlik etdiyi hökumətin hazırladığı qanun layihəsinə əsasən, şagirdlərin üzlərinin tanınmasına mane olan geyimlərlə məktəbdə keçirilən fəaliyyətlərdə iştirak etməsi qadağan olunur.
Qadağanı pozan şəxslər 200 avrodan 1000 avroyadək cərimələnəcəklər. Qayda pozuntusuna yol verən şagirdin yaşı 18-dən az olarsa, cərimə onun valideynlərinə tətbiq ediləcək. Sağlamlıq və tədrislə bağlı müəyyən hallar isə qadağadan istisna təşkil edəcək.
Qanun layihəsi yalnız burka və niqab qadağası ilə məhdudlaşmır. 2027–2028-ci tədris ilindən etibarən ibtidai və orta təhsil pillələrinin başlanğıc siniflərində italyan dilini kifayət qədər bilməyən və müəyyən meyarlara uyğun gələn xarici şagirdlərin payı 30 faizlə məhdudlaşdırılacaq.
Dil biliklərinin yetərsizliyi övladlarının təhsil prosesinə uyğunlaşmasına mənfi təsir göstərən xarici valideynlərin də italyan dilini öyrənməsi məcburi olacaq. Müəyyən edilmiş dil kurslarında iştirak etməyən valideynlərə 200 avrodan 1000 avroyadək cərimə tətbiq edilə bilər.
Deputatlar Palatasında keçirilən səsvermə zamanı müxalifət nümayəndələri “Məktəbdə heç kim əcnəbi deyil” yazılmış plakatlar qaldıraraq qanun layihəsinə etiraz ediblər.
Əsas müxalifət qüvvəsi olan Demokratik Partiyanın lideri Elli Şlayn hökumətin xarici şagirdlərə kvota tətbiq etmək əvəzinə məktəblərin maddi-texniki şəraitini yaxşılaşdırmalı və təhsil işçilərinə sərmayə yatırmalı olduğunu bildirib.
İtaliyanın təhsil naziri Cüzeppe Valditara isə italyan dilinin öyrənilməsi və ümumi qaydalara riayət olunması sayəsində yeni tədbirlərin şagirdlərin cəmiyyətə inteqrasiyasını gücləndirəcəyini qeyd edib.
Təhsil islahatları paketində əlilliyi olan şagirdlərə dəstəyin artırılması, kiberzorakılıqla mübarizə və elektron dərsliklərin qiymətinin ən azı 50 faiz aşağı salınması da nəzərdə tutulub.
Parlamentin hər iki palatasında qəbul edilən sənədin Prezident Sercio Mattarella tərəfindən imzalanmasından və rəsmi qəzetdə dərc edilməsindən sonra qanunvericilik prosesinin tamamlanacağı gözlənilir.

