“The Washington Post” nəşri texnologiya dünyasında “imperator rəhbərlər” dövrünün başladığını yazıb.
Denmedia.az xəbər verir ki, nəşr bu ifadə ilə barələrində irəli sürülən ittihamlara və istefa tələblərinə baxmayaraq, şirkətlərində hakim mövqelərini qoruyub saxlayan texnologiya nəhənglərinin rəhbərlərini nəzərdə tutur.
Məqalə müəllifləri buna nümunə olaraq amerikalı milyarder İlon Maskın fəaliyyətini göstəriblər.
2018-ci ildə Mask “Twitter”də (indiki “X”) “Tesla”nın səhmlərini geri almaq və şirkəti özəl mülkiyyətə keçirmək niyyətində olduğunu, bunun üçün maliyyələşmənin təmin edildiyini yazıb. Bundan sonra ABŞ-nin tənzimləyici qurumları onu investorları aldatmaqda ittiham ediblər.
ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) irəli sürdüyü iddiaların həlli üçün Mask və “Tesla” ayrı-ayrılıqda 20 milyon dollar cərimə ödəyib. İş adamı avtomobil istehsalçısının Direktorlar Şurasının sədri vəzifəsindən də ayrılıb.
Sonrakı illərdə bir sıra səs-küylü qalmaqallarla üzləşməsinə baxmayaraq, Mask “Tesla”dan ayrılmayıb. Əksinə, şirkətin baş direktoru vəzifəsini və digər biznes strukturları üzərində nəzarətini qoruyub saxlayıb.

