Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sandalın anası və xalalarının yaşadığı binaya silahlı hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Denmedia.az Haberler.com-a istinadən xəbər verir ki, hadisə noyabrın 22-də saat 07:50 radələrində Aydınlı məhəlləsində baş verib.
İddialara görə, hazırda xaricdə olan və investisiya fondları ilə bağlı istintaq çərçivəsində barəsində saxlanılma qərarı çıxarılan Mustafa Sandalın qayınatası Cihan Sütşurupun ailəsinə məxsus bina atəşə tutulub.
Hücumdan sonra Cihan Sütşurupun həyat yoldaşı Reyhan Sütşurupun bacılarına təhdid mesajları göndərilib. Bunun ardınca Melis Sandalın yeznəsi R.G. polisə müraciət edib.
İstanbul Polis İdarəsinin əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini araşdıraraq şübhəlilərin 19 yaşlı xarici ölkə vətəndaşı Zahir A. və 16 yaşlı S.F. olduğunu müəyyən ediblər. Əvvəllər yeddi cinayət qeydi olan Zahir A. və dörd cinayət qeydi olan S.F. polis tərəfindən saxlanılıblar.
Məlumata görə, şübhəlilər polisə ifadələrində ittihamları qəbul ediblər. Onlar silahlı hücum sifarişini xaricdən “Telegram” vasitəsilə pul müqabilində aldıqlarını, lakin hadisədən sonra vəd edilən məbləğin ödənilmədiyini bildiriblər.

Hadisədə istifadə olunan silah polis tərəfindən aşkarlanıb. Polis idarəsində müvafiq prosedurlar başa çatdıqdan sonra hər iki şübhəli məhkəmə orqanlarına təhvil verilib.
Silahlı hücum və şübhəlilərin saxlanılması anları təhlükəsizlik kameralarına əks olunub.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması cinayətləri üzrə istintaq bürosunun apardığı araşdırma çərçivəsində sentyabr ayında Melis Sandal və atası Cihan Sütşurupun əmlakına həbs qoyulub, barələrində saxlanılma qərarı çıxarılıb.
Melis Sandalın ləğv edilməsi barədə qərar qəbul olunan investisiya fondlarından üç ay ərzində təxminən 11 milyard 126 milyon lirə vəsait çıxardığı iddia edilib. Sandal və Sütşurup tərəfi isə ittihamları rədd edib.

