Hindistanda yüksək maaşlı iş vədi ilə ölkəyə gətirilən əcnəbiləri kiberdələduzluqla məşğul olmağa məcbur edən cinayət şəbəkəsi ifşa edilib.
Denmedia.az BBC-yə istinadən xəbər verir ki, şəbəkənin fəaliyyəti qaçmağa müvəffəq olan malayziyalı işçinin başına gələnləri polisə danışmasından sonra üzə çıxıb.
Xilas edilən əcnəbilər Hindistana gəldikdən sonra pasportlarının əllərindən alındığını və Noida şəhərində iradələrinə zidd olaraq saxlanıldıqlarını bildiriblər. Dehli ətrafında yerləşən Noida Hindistanın şimalındakı mühüm informasiya texnologiyaları və biznes mərkəzlərindən biridir. Şəhərdə çoxsaylı çağrı mərkəzləri fəaliyyət göstərir.
Polisin məlumatına görə, zərərçəkənlərə vəd edilən iş və yüksək əməkhaqqı əvəzinə onlar dələduzluqla məşğul olmağa məcbur ediliblər. Əcnəbilər internetdə özlərini qadın kimi təqdim edərək insanları saxta investisiya platformalarına cəlb etməli olublar.
İstintaq çərçivəsində indiyədək bir Malayziya vətəndaşı saxlanılıb. Əməliyyat zamanı ümumilikdə 550-yə yaxın masaüstü kompüter, noutbuk və mobil telefon müsadirə edilib. Polis daha geniş beynəlxalq dələduzluq şəbəkəsinin izinə düşmək üçün araşdırmaları davam etdirir.
Hindistanın Kibercinayətlər üzrə Milli Müraciət Portalının məlumatına görə, 2025-ci ildə kiberdələduzluqla bağlı 2,8 milyon şikayət qeydə alınıb. Bu cinayətlər nəticəsində dəymiş maddi ziyanın həcmi təxminən 224,95 milyard rupiyə (2,42 milyard dollar) çatıb. Federal hökumətin məlumatına görə, halların əksəriyyəti saxta investisiya və alqı-satqı əməliyyatları ilə bağlı olub.
Bu növ dələduzluq zamanı cinayətkarlar sosial şəbəkələr, mesajlaşma qrupları və telefon vasitəsilə özlərini maliyyə mütəxəssisi kimi təqdim edərək insanlara yüksək gəlir vəd edirlər. Zərərçəkənlər daha böyük məbləğdə vəsaitlərini geri çəkmək istədikdə isə hesabları bloklanır və ya onlardan əlavə ödəniş tələb olunur.
Noidada keçirilən əməliyyat son aylarda Hindistanın şimalında beynəlxalq dələduzluqla məşğul olan saxta çağrı mərkəzlərinə qarşı həyata keçirilən tədbirlərdən biridir.
İyul ayında Lakhnau polisi ABŞ vətəndaşlarını hədəf alan saxta çağrı mərkəzində keçirdiyi əməliyyat zamanı 119 nəfəri saxlayıb. Hindistanın Mərkəzi Təhqiqat Bürosu (CBI) isə ABŞ Federal Təhqiqat Bürosu (FBI) ilə birgə Noidada Amerika vətəndaşlarına 8,5 milyon dollar maddi ziyan vuran dələduzluq şəbəkəsini ifşa edib.

