Hindistanın Aqra şəhərində yüzdən çox meymun Tac Mahal kompleksinin əsas məqbərəsi yaxınlığındakı yaşıllıq ərazisinə toplaşaraq turistlərə hücum edib.
Denmedia.az “The Times of India” nəşrinə istinadən xəbər verir ki, hadisənin şahidlər tərəfindən lentə alınan görüntüləri sosial şəbəkələrdə yayılıb.
Son aylarda Tac Mahal ərazisində meymunların turistlərə hücum etməsi ilə bağlı şikayətlərin sayı artıb. Sentyabrın 28-də Hindistanın Arxeologiya Xidməti turistlərin meymunlar tərəfindən dişlənməsi hallarının çoxalması ilə əlaqədar Aqra şəhərinin bələdiyyə orqanlarına müraciət edib.
Kompleksin daxilində ziyarətçilərin təhlükəsizliyinə Arxeologiya Xidməti cavabdehdir. Meymunların tutulması isə bələdiyyənin səlahiyyətinə daxildir.
Qurumdan bildirilib ki, kompleksdəki yaşıllıq sahələri heyvanları cəlb edir. Meymunların tarixi abidənin ərazisinə daxil olmasının qarşısını almaq məqsədilə mütəxəssislər xüsusi məftil hasarların quraşdırılmasına başlayıblar.

