Dünyanın ən yaşlı insanı hesab edilən 117 yaşlı britaniyalı Ethel Katerhem uzunömürlülüyünün sirrini bölüşüb. Bir əsrdən çox həyat təcrübəsinə malik qadının tövsiyəsi isə olduqca sadədir: heç kimlə mübahisə etməmək.
Denmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın yaşayan ən yaşlı insanı kimi tanınan Katerhem uzun və rahat həyatın əsas prinsiplərindən birinin mənasız mübahisələrdən uzaq durmaq olduğunu bildirib.

“Mən heç kimlə mübahisə etmirəm. Dinləyirəm və istədiyimi edirəm”, – deyə o, uzunömürlülüyünün sirri barədə danışarkən söyləyib.
1909-cu il avqustun 21-də İngiltərədə dünyaya gələn Ethel Katerhem 2026-cı ildə 117 yaşını tamamlayıb. O, hazırda Surreydə yerləşən “Hallmark Lakeview” qocalar evində yaşayır.
Katerhem ömrü boyu bəşər tarixinin ən böyük dəyişikliklərinə şahidlik edib. Birinci və İkinci Dünya müharibələrini, texnologiyanın sürətli inkişafını, insanın Aya ilk səyahətini və internet dövrünün başlanmasını görüb.

117 yaşlı qadın hətta COVID-19 infeksiyasına da qalib gəlib. O, 2020-ci ildə 110 yaşında olarkən koronavirusa yoluxub və sağalıb.
Səkkizuşaqlı ailədə böyüyən Katerhem gənclik illərindən səyahətə maraq göstərib. 1927-ci ildə Hindistana gedərək Britaniya ordusunda xidmət edən ailənin uşaqlarına baxıb.
1931-ci ildə İngiltərədə qatıldığı şam yeməyində gələcək həyat yoldaşı, hərbçi Norman Katerhemlə tanış olub. Evləndikdən sonra cütlük müxtəlif ölkələrdə yaşayıb. Honkonqda olduğu müddətdə Ethel uşaq bağçası yaradaraq balacaların təhsili ilə məşğul olub.
Həyat yoldaşı 1976-cı ildə vəfat etsə də, Katerhem ömrünün sonrakı onilliklərini İngiltərədə keçirərək fəal həyat tərzini qorumağa çalışıb.
Maraqlıdır ki, Ethel 117 yaşında belə yeni təcrübələr yaşamağa davam etdiyini bildirib. O, son bir ildə ilk dəfə lamaya toxunduğunu və Böyük Britaniya Kralı III Çarlzla əl-ələ tutduğunu söyləyib.

117-ci doğum gününü ailəsi və dostları ilə qeyd edən Katerhem sevincini bu sözlərlə ifadə edib:
“Ailəm və dostlarımla birlikdə çox gözəl gün keçirdim. Gələn ilin mənə nələr gətirəcəyini görmək üçün səbirsizlənirəm”.
Qeyd edək ki, Ethel Katerhem 2025-ci ilin aprelində braziliyalı rahibə İna Kanabarro Lukasın vəfatından sonra dünyanın yaşayan ən yaşlı insanı titulunu qazanıb. O, həmçinin 117 yaşına çatdığı rəsmi təsdiqlənən ilk britaniyalıdır.

