Uzun müddətdir demensiya xəstəliyi ilə mübarizə aparan Hollivud ulduzu Brüs Uillisin yeni fotosu yayımlanıb. 71 yaşlı aktyorun qızı Tallula Uillis atası ilə çəkdirdiyi səmimi görüntünü sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.
Denmedia.az xəbər verir ki, noyabrın 21-də paylaşılan foto məşhur aktyorun pərəstişkarlarını duyğulandırıb.
Brüs Uillisin keçmiş həyat yoldaşı Demi Murla nikahından dünyaya gələn 32 yaşlı qızı Tallula atası ilə bağdakı yelləncəkdə yanaşı əyləşdiyi anı paylaşıb. Fotoda ata və qızın əl-ələ tutduğu, Tallulanın isə digər qolunu atasının çiyninə doladığı görünür.

Paylaşımına yalnız iki emoji əlavə edən Tallula atasına sevgisini bu görüntü ilə ifadə edib. Foto yayımlandıqdan sonra çoxsaylı pərəstişkarları aktyora sevgi və dəstək mesajları ünvanlayıblar.
“Ölmək çətindir” (Die Hard), “Altıncı hiss” (The Sixth Sense) və “Kriminal qiraət” (Pulp Fiction) kimi məşhur filmlərdəki rolları ilə yadda qalan Brüs Uillis 2022-ci ildə aktyorluq karyerasını başa vurmaq məcburiyyətində qalıb.
Həmin ilin martında ailəsi aktyora nitq və ünsiyyət qabiliyyətinə təsir edən afaziya diaqnozu qoyulduğunu bildirib. 2023-cü ilin fevralında isə onun frontotemporal demensiyadan əziyyət çəkdiyi məlum olub. Bu xəstəlik beynin davranış, şəxsiyyət və dil qabiliyyətləri ilə əlaqəli sahələrini zədələyir.
Aktyorun həyat yoldaşı Emma Heminq Uillis daha əvvəl onun ailəsinə yaxın ayrıca evdə gecə-gündüz peşəkar tibbi qulluq aldığını bildirib. Bu qərarın Brüs Uillisin sakit mühitdə yaşamasını təmin etmək və uşaqların gündəlik həyat rejimini qorumaq məqsədilə verildiyi qeyd olunub.
Emma Heminq Uillis 2026-cı ilin mayında ərinin ailəsinin sevgisi və dəstəyi ilə əhatə olunduğunu vurğulayıb.
Xatırladaq ki, Tallula Uillis avqustun 8-də musiqiçi Castin Eysi ilə ABŞ-ın Aydaho ştatında ailə həyatı qurub. Brüs Uillis də qızının toy mərasimində iştirak edib. Həmin gün çəkilən ailə fotoları böyük maraq doğurub.

Tallulanın son paylaşımı isə uzun müddətdir ictimaiyyət qarşısına nadir hallarda çıxan aktyorun ailəsi ilə keçirdiyi daha bir səmimi anı nümayiş etdirib.

