Meksikada ABŞ Federal Təhqiqat Bürosunun (FBI) ən çox axtarılan 10 cinayətkarı siyahısında yer alan, “El Çapo İsidro” ləqəbi ilə tanınan narkokartel lideri Fausto İsidro Mesa Flores saxlanılıb.
Denmedia.az “Associated Press”ə istinadən xəbər verir ki, əməliyyat noyabrın 20-də gecə saatlarında ölkənin Sinaloa ştatının Quasave şəhərində keçirilib.
Narkobaronun ələ keçirilməsi əməliyyatına hazırlıq zamanı ABŞ xüsusi xidmət orqanları Meksika təhlükəsizlik qüvvələrinə kəşfiyyat məlumatları ilə dəstək verib.
Mesa Flores “Beltran Leyva” cinayətkar şəbəkəsi ilə əlaqəli ən tanınmış narkokartel liderlərindən biri hesab olunurdu. ABŞ-da o, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi ilə bağlı ittihamlar əsasında axtarışda idi.
Narkobaronun saxlanılması Sinaloa ştatında silahlı qarşıdurmalara və genişmiqyaslı iğtişaşlara səbəb olub. Quasave şəhərindən yayılan görüntülərdə avtomobillərin və yanacaqdoldurma məntəqələrinin yandığı, helikopterlərdən atəş açıldığı əks olunub.
Şəhərdə beysbol oyununun keçirildiyi stadionun yaxınlığında da silah səsləri eşidilib. Bundan təşvişə düşən tamaşaçılar stadionu tərk etməyə çalışıblar.
Bildirilir ki, narkokartellər nüfuzlu üzvlərinin saxlanılması zamanı bu cür zorakılıq aksiyaları ilə güc nümayiş etdirməyə çalışırlar.

