Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Suriyaya qarşı hərbi əməliyyata başlaya biləcəyi barədə xəbərdarlıq edib. O, belə bir addımın bütün Yaxın Şərq üçün ciddi nəticələr doğura biləcəyini bildirib.
Denmedia.az xəbər verir ki, Hakan Fidan bu barədə “TGRT Haber” telekanalına müsahibəsində danışıb.
“İsrail ordusunun Suriyaya qarşı hərbi əməliyyata başlayacağı bir ssenari mövcuddur. Bu isə yenidən münaqişəyə, çoxsaylı problemlərə və qeyri-müəyyənliyə səbəb olacaq”, – deyə nazir vurğulayıb.
Fidan bildirib ki, Türkiyə və onun regiondakı müttəfiqləri belə bir ssenarinin mümkünlüyünü ABŞ və Avropa ölkələrinin diqqətinə çatdırırlar.
Türkiyəli nazirin sözlərinə görə, İsrailin mümkün hərbi əməliyyatının nəticələri yalnız Suriya ilə məhdudlaşmayacaq və bütövlükdə regionun təhlükəsizliyinə təsir göstərə bilər.
Bununla belə, Fidan mümkün əməliyyatın nə vaxt başlaya biləcəyi və hansı formada həyata keçiriləcəyi barədə konkret məlumat verməyib.

