Çörəyin kökəlməyə səbəb olduğu barədə geniş yayılmış fikirlər heç də həmişə doğru deyil. Mütəxəssislərin fikrincə, artıq çəkiyə təsir edən əsas amillər çörəyin növü, tərkibi, kalorililiyi və nə qədər istehlak edilməsidir.
Denmedia.az “aif.ru” nəşrinə istinadən xəbər verir ki, bu barədə həkim-dietoloq və qidalanma mütəxəssisi Sofya Kovanova danışıb.
Onun sözlərinə görə, çörək özlüyündə çəki artımına səbəb olmur. Tam taxıllı çörək daha çox lif ehtiva etdiyindən toxluq hissini adətən daha uzun müddət qoruyur. Lakin bu, lavaşın və digər çörək növlərinin sağlamlıq üçün zərərli olduğu anlamına gəlmir.

“İnsanları mütləq kökəldən hansısa dəhşətli çörək növü yoxdur. Eyni zamanda elə çörək də yoxdur ki, ondan kiloqramlarla yeyəsən və kökəlməyəsən”, – deyə mütəxəssis bildirib.
Dietoloq vurğulayıb ki, çörəyin özü ilə yanaşı, onun hansı qidalarla birlikdə yeyilməsinə də diqqət yetirmək lazımdır.

Kovanovanın sözlərinə görə, ən uğursuz seçimlərdən biri rafinə olunmuş karbohidratların böyük miqdarda yağla birləşdirilməsidir. Məsələn, pendir, mayonezli sous və yağla hazırlanan lavaş, xüsusilə də əlavə olaraq qızardıldıqda, yüksək kalorili yeməyə çevrilir.
Bunun əksinə olaraq, ət, tərəvəz və göyərti ilə hazırlanan eyni lavaşın qida dəyəri tamamilə fərqli olur.

