Türkiyəli məşhur aktrisa Ezgi Mola keçmiş həyat yoldaşı, iş adamı Mustafa Aksakallı ilə boşanmasının səbəblərindən danışıb. Aktrisa ayrılıqlarının xəyanətlə bağlı olması barədə yayılan iddiaları təkzib edərək evliliklərinə dostluqlarını qorumaq üçün son qoyduqlarını bildirib.
Denmedia.az xəbər verir ki, Ezgi Mola bu barədə qonaq olduğu “Ritmini Bul” adlı YouTube proqramında danışıb.
Boşandıqdan sonra şəxsi həyatları ilə bağlı müxtəlif söz-söhbətlərin yayıldığını xatırladan aktrisa keçmiş həyat yoldaşını müdafiə edib.
“Hamı mütləq bir qüsur, qalmaqal axtarırdı. ‘Yəqin, xəyanət edib’, deyirdilər. Belə şey olar? Mustafa həqiqətən çox yaxşı qəlbli insandır. Onun haqqını tapdalaya bilmərəm”, – deyə Mola bildirib.
Aktrisa vurğulayıb ki, insanın yaxşı qəlbli olması hər zaman münasibətlərin davam etməsi üçün kifayət etmir.

“Amma yaxşı insan olması münasibəti davam etdirmək üçün yetərli deyil. Mən də çox yaxşı qəlbli insanam. Bəs sən mənə yaxşı təsir edirsənmi? Yaxud mən sənə yaxşı təsir edirəmmi?” – deyə o qeyd edib.
Ezgi Mola bildirib ki, keçmiş həyat yoldaşı ilə bir-birləri haqqında söyləyə biləcəkləri çoxlu xoş sözlər olsa da, ayrılmaları üçün də kifayət qədər səbəb mövcud olub.
Onun fikrincə, münasibətlərinə qarşılıqlı hörməti qoruyaraq son qoya bilən cütlüklər əslində sağlam münasibət qurmağı bacarıblar.
“Biz aramızdakı bu dostluq, bu gözəl münasibət bitməsin deyə evlilikdən imtina etmək qərarına gəldik”, – deyə aktrisa bildirib.

