işmiş şorbanı gecədən səhərə qədər ocağın üzərində saxlamaq, hətta yemək əvvəlcə çox isti olsa belə, sağlamlıq üçün təhlükə yarada bilər.
Denmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Keyfiyyətə Nəzarət Təşkilatının (Roskachestvo) Qida Təhlükəsizliyi üzrə Kompetensiya Mərkəzinin direktoru Yelena Spetsenko xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, ocaq söndürüldükdən sonra şorba tədricən soyuyur və temperatur aşağı düşdükcə bakteriyaların çoxalması üçün əlverişli şərait yaranır. Bu, xüsusilə böyük qazanlarda hazırlanan yeməklərə aiddir. Çünki belə qablarda şorba uzun müddət ilıq qalır.
“Şorbanı yenidən qaynatmaq onun hər zaman təhlükəsiz olacağı demək deyil. Bəzi bakteriyalar yüksək temperatura davamlı toksinlər ifraz edə bilir”, – deyə mütəxəssis bildirib.
Spetsenko vurğulayıb ki, hazır şorbanı otaq temperaturunda iki saatdan artıq saxlamaq olmaz.
Onun sözlərinə görə, şorbanın təhlükəsiz saxlanılması üçün onu bir neçə kiçik və dayaz qaba bölmək daha məqsədəuyğundur. Bu halda yemək daha tez soyuyur və soyuducuya yerləşdirilə bilir.

“Şorbanın otaq temperaturuna qədər tam soyumasını gözləmək vacib deyil. Kiçik porsiyaları hələ ilıq vəziyyətdə soyuducuya qoymaq olar. Hazır şorbanın saxlanılması üçün optimal temperatur müsbət 2–6 dərəcədir. Belə şəraitdə onu iki-üç gündən artıq saxlamaq tövsiyə edilmir”, – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, şorba, xüsusilə ət və balıq bulyonları, istehlakdan əvvəl yaxşıca qızdırılaraq qaynama həddinə çatdırılmalıdır.
Bununla belə, o xəbərdarlıq edib ki, yeməyi yenidən qızdırmaq düzgün saxlanılmamanın yaratdığı təhlükəni aradan qaldırmır. Şorba bütün gecəni söndürülmüş ocağın üzərində qalıbsa, qoxusu, rəngi və dadı dəyişməsə belə, onu yemək məsləhət görülmür.

