Çinin onlayn ticarət nəhəngi Shein platformasında seks kuklalarının satışını tamamilə dayandırdığını açıqlayıb.
Qərar, Fransa hökumətinin uşaq görkəmli kuklaların satışına dair rəsmi şikayətindən sonra qəbul edilib, – xəbər verir Agence France-Presse.
“Shein ‘seks kuklalarına tam qadağa’ tətbiq etdiyini bəyan edib. Şirkət bildirib ki, bu kateqoriyaya aid bütün reklamları və şəkilləri silib, həmçinin müvəqqəti olaraq böyüklər üçün nəzərdə tutulan məhsullar bölməsini platformadan çıxarıb.”
Fransanın iqtisadiyyat naziri Rolan Leskyur xəbərdarlıq edib ki, əgər Shein uşaq pornografiyası ilə əlaqəli məhsulların satışını davam etdirsə, platforma ölkə ərazisində bloklana bilər. Buna cavab olaraq şirkət bütün əlaqəli materialları sildiyini və qadağanı bütün fəaliyyət göstərdiyi ölkələrdə tətbiq etdiyini açıqlayıb.
Hadisə Shein-in Parisdə ilk oflayn mağazasını açmağa hazırlaşdığı bir vaxtda baş verib. Şirkət təmsilçisi təsdiqləyib ki, qərar qlobal səviyyədə qüvvədədir.

