Filippinlərdə 114 nəfərin ölümünə səbəb olan “Kalmaegi” qasırğası bu dəfə Vyetnama çatıb.
DenMedia.az xəbər verir ki, təbii fəlakət xüsusilə Zyalay və Daklak vilayətlərində özünü göstərib. Küləyin sürəti 149 km/saat-a qədər çatır.
Vyetnam hökuməti ölkənin mərkəzi hissəsində 530 mindən çox insanı təxliyə edib. Güclü küləklər ağacları aşırıb, çoxsaylı binaların damlarını qoparıb. Zyalay vilayətində 200 minə yaxın sakin elektrik enerjisiz qalıb.
Hadisə yerində 260 mindən çox hərbçi axtarış-xilasetmə işlərinə cəlb olunub.
Bundan əlavə, hakimiyyət altı hava limanını bağlamaq qərarına gəlib. Bu addım yüzlərlə aviareysin təxirə salınmasına səbəb olacaq.
Yerli meteoroloqlar yeddi şəhər və vilayətdə daşqın və torpaq sürüşməsi riski barədə xəbərdarlıq ediblər.

