Avstraliyanın Kvinslend ştatında vəhşi dingo itlərinin ev heyvanı kimi saxlanmasına icazə verilə bilər.
Denmedia.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, “ştat hökuməti biotəhlükəsizlik standartlarına dəyişiklik etməyi nəzərdən keçirir ki, dingo itlərinin ev heyvanı kimi saxlanmasına mane olan qaydalar aradan qaldırılsın.”
Hakimiyyət orqanları dingoların təsnifatını dəyişərək onları ev iti kateqoriyasına keçirmək istəyir. Bununla belə, rəsmilər vurğulayıblar ki, dingolar milli parklar ərazisində qorunan növ kimi qalacaq, torpaq sahibləri isə mal-qaranı onların hücumlarından qorumaq üçün tədbirlər görmək hüququnu saxlayacaqlar.
Hazırda dingolar Avstraliyada invaziv növ hesab olunur və tülkülər və dovşanlarla eyni məhdudiyyətlərə tabe edilirlər — onları evdə saxlamaq, satmaq və ya ölkə daxilində daşımaq qadağandır.
Dingolar beş mindən çox il əvvəl Asiyadan Avstraliyaya gətirilmiş ev itlərinin vəhşiləşmiş nəsilləridir. Onların yerli marsupial (kəsəcikli) heyvan populyasiyalarına ciddi təsir göstərdiyi güman olunur. Avropalılar materikə gəlməzdən əvvəl dingolar yerli faunanın bir hissəsi kimi qəbul edilirdi, lakin mal-qaraya hücumların artması nəticəsində onların məhv edilməsinə və izolyasiyasına yönəlmiş tədbirlər görülməyə başlanmışdı.

