Denmedia.az -ın məlumatına görə, Gürcüstanın səhiyyə naziri Mixail Sardjveladze hesab edir ki, ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin tibbi klinikadan yenidən penitensiar müəssisəyə qaytarılması tamamilə məntiqli və düzgün qərardır.
Nazir jurnalistlərə bildirib:
“Sağlıq problemi olmayan və cəzasını çəkən şəxs digər məhbuslar kimi həbsxanada olmalıdır.”
Onun sözlərinə görə, bu qərara qarşı hər hansı arqument gətirmək mümkün deyil.
12 noyabrda Saakaşvili Tbilisidəki “Vivamed” klinikasından Rustavi həbsxanasına köçürülüb.
Vəkili vasitəsilə Saakaşvili jurnalistlərə məktub göndərib və iddia edib ki, onu 2022-ci ildə zəhərləndiyini düşündüyü həmin kameraya qaytarıblar.
O məktubunda yazır:
“Həmin vaxt möcüzə nəticəsində ölümdən qurtuldum və o zəhərlənmənin simptomları hələ də qalır.”
Sabiq prezident hesab edir ki, onun həbsxanaya qaytarılması qərarı ölkənin keçmiş baş naziri, hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili tərəfindən verilib. Saakaşvilinin sözlərinə görə, 2012-ci ildən bəri ölkəni faktiki olaraq İvanişvili idarə edir.
“İvanişvilinin mənim həyatımı qorumaq barədə əvvəlki öhdəlikləri artıq etibarsızdır.”

