The Washington Post yazır ki, Tramp administrasiyası “çoxsaylı” ukraynalıların vətənə deportasiyasına hazırlaşır.
Hazırda ABŞ-ın bu səbəbdən 80 Ukrayna vətəndaşını ölkədən çıxarmağı planlaşdırdığı məlumdur. 2024-cü ildə isə artıq 54 Ukrayna vətəndaşı deportasiya olunub.
ABŞ ilə Ukrayna arasında birbaşa aviareyslər yoxdur. Güman edilir ki, həmin 80 nəfərin bir qismi hərbi uçuşlarla Ukraynaya və Polşaya göndəriləcək.
Deportasiyanı gözləyən ukraynalıların vəkilləri narahatdır ki, onlar vətənə qayıtdıqdan sonra mobilizasiya olunacaq və çox güman ki, sağ qalmayacaqlar.
Ukrayna ərazisində 2022-ci il fevralın 24-dən hərbi vəziyyət tətbiq edilib. Fevralın 25-də Ukrayna prezidenti Vladimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb və bunun nəticəsində hərbi xidmətə yararlı kişilərə ölkəni tərk etmək qadağan olunub.
2024-cü il 18 may tarixində Ukraynada mobilizasiyanın sərtləşdirilməsi ilə bağlı qanun qüvvəyə minib. Yeni qaydalara əsasən, hərbi öhdəlik daşıyan şəxslər ölkədən çıxış hüququndan məhrum edilir, öz vəsaitlərini istifadə edə bilmirlər, avtomobil idarə etmək, əmlakla bağlı əməliyyatlar aparmaq, həmçinin pasport və xarici pasport kimi sənədləri rəsmiləşdirmək hüququnu itirirlər.

