Beynəlxalq hərbi analitika platforması Global Firepower 2025-ci il üçün dünyanın ən güclü orduları reytinqini yayıb. Siyahı 60-a yaxın göstərici əsasında — müdafiə büdcəsi, şəxsi heyət, aviasiya və dəniz qüvvələrinin gücü, logistika imkanları və texnoloji hazırlıq kimi meyarlarla formalaşdırılıb.
Reytinqə görə, dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələri olub. Amerika ordusu geniş maliyyə resursları, qlobal hərbi bazalar şəbəkəsi və yüksək texnologiyalı aviasiya-dəniz gücü ilə liderliyini qoruyub.
İkinci yerdə Rusiya, üçüncü yerdə isə Çin qərarlaşıb. Hər iki ölkənin böyük canlı qüvvəsi və geniş hərbi texnika parkı onların mövqelərini dəyişməz saxlayıb.
Dördüncü sırada Hindistan, beşinci yerdə isə Cənubi Koreya qərar tutub. Asiya ölkələrinin reytinqdə yüksək mövqe tutması regionun sürətlə artan hərbi potensialı ilə izah edilir.
Mütəxəssislər bildiriblər ki, bu siyahı nüvə arsenalı və real döyüş təcrübəsini tam şəkildə nəzərə almasa da, ölkələrin hərbi imkanlarına dair ümumi təsəvvür yaradır.

