Türkiyənin Bolu vilayətində ekskursiyadan qayıdarkən itkin düşən 10 yeniyetmə və onları müşayiət edən üç nəfərin axtarışı uğurla başa çatıb.
Denmedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 13 nəfərin hamısı sağ tapılıb. Həkimlər onların sağlamlıq vəziyyətini yaxşı qiymətləndiriblər.
Noyabrın 27-də ekskursiyadan qayıdan qrupla əlaqənin kəsilməsindən sonra axtarışlara başlanılıb. Avtomobildə Kocaeli vilayətindəki sosial müəssisənin üç əməkdaşı və 14-17 yaşlı 10 qız olub. Yeniyetmələr səfər zamanı Gölcük Təbiət Parkını və Yedigöllər Milli Parkını ziyarət ediblər.
Geri qayıdarkən, Bakı vaxtı ilə saat 16:00 radələrində avtomobillə əlaqə qəfil kəsilib. Son GPS siqnalı Kapankaya müşahidə meydançasının yaxınlığında qeydə alınıb.
Axtarışlara tibb işçiləri, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasediciləri, jandarma əməkdaşları və Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndələri cəlb olunublar. Ərazi pilotsuz uçuş aparatları vasitəsilə də yoxlanılıb.
Daha sonra ailə və sosial xidmətlər naziri uşaqlarla və onları müşayiət edən şəxslərlə əlaqənin bərpa olunduğunu bildirib. Hazırda səfərin bütün iştirakçıları təhlükəsiz yerdədirlər.

