“Sultan" salatı olduqca doyumlu və ləzzətli salatdır. Onun tərkibində şirin əlavələr və qeyri-adi dad birləşmələri yoxdur. Şirəli mal əti, yumurta, ətirli pendir və marinad edilmiş soğan bir-birini mükəmməl tamamlayır. Qatlar arasındakı nazik mayonez təbəqəsi isə bütün ərzaqların dadını birləşdirir.
Denmedia.az salatın hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
-
450 qram mal əti
-
3 ədəd yumurta
-
150 qram bərk pendir
-
1-2 baş soğan
-
3-4 xörək qaşığı mayonez
-
2 xörək qaşığı 9 faizli sirkə
-
100 ml su
-
1 çay qaşığı şəkər tozu
-
Marinad üçün yarım çay qaşığı duz
-
Dəfnə yarpağı
-
Dənəvər qara istiot
-
Zövqə görə üyüdülmüş qara istiot
-
Bəzək üçün 30 qram qoz
Hazırlanma qaydası:
Mal ətini dəfnə yarpağı və dənəvər qara istiot əlavə edilmiş duzlu suda yumşalana qədər qaynadın. Əti bişdiyi bulyonda soyudun.
Soğanı nazik yarımhalqalar şəklində doğrayın. Su, sirkə, şəkər tozu və duz qarışığında 15-20 dəqiqə saxladıqdan sonra suyunu süzün.
Əti nazik, uzunsov formada doğrayın. Yumurta və pendiri sürtgəcin iri gözündən keçirin.

Salatı xüsusi kulinariya halqasına aşağıdakı ardıcıllıqla düzün: marinad edilmiş soğan, qara istiot əlavə olunmuş mal əti, yumurta və pendir. Qatların arasına nazik tor şəklində mayonez çəkin. Üst pendir qatına mayonez əlavə etməyin.
Bayram süfrəsinə təqdimat:
Salatın iştahaaçan qatlarının görünməsi üçün onu şəffaf salat qabında və ya xüsusi kulinariya halqasında hazırlayın. Üzərini qoz ləpəsinin yarıları, kiçik cəfəri budaqları və az miqdarda sürtgəcdən keçirilmiş pendirlə bəzəyin.

