ABŞ-nin Tennessi ştatında kişi Milad hədiyyələri ilə bağlı yaranan mübahisə zəminində həyat yoldaşını güllələyərək öldürüb.
Denmedia.az “Fox News”a istinadən xəbər verir ki, hadisə noyabrın 14-də Rossvill şəhərində baş verib. Evdən atəş səslərinin eşidilməsindən sonra hadisə yerinə polis çağırılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində 33 yaşlı Cin Makkoll Allenin başından güllə yarası alan həyat yoldaşı Bonni Laşey Allenə yardım göstərməyə çalışdığını görüblər. Qadının həyatını xilas etmək mümkün olmayıb.
Allen tapançanı könüllü olaraq polisə təhvil verib və atəş açdığını etiraf edib. Onun sözlərinə görə, mübahisə uşaqlar üçün alınan Milad hədiyyələri ilə bağlı yaranıb. Qadın çatdırılma xidmətinin baha olmasından və alınan hədiyyələrin keyfiyyətsizliyindən şikayətlənib.
Kişi hadisədən əvvəl dörd şüşə pivə içdiyini də etiraf edib.
Hazırda Allen həbsdədir. Onun girov müqabilində azadlığa buraxılmasına icazə verilməyib.

