“Rockstar Games” şirkətinin “Grand Theft Auto VI” (GTA VI) videooyunu satışa çıxarıldığı ilk həftədə milyardlarla dollar gəlir gətirib.
Denmedia.az Playground-a istinadən xəbər verir ki, bu barədə “Alinea Analytics” şirkətinin analitiki Ris Elliot məlumat verib.
Ekspertin hesablamalarına görə, oyun bir həftə ərzində dünya üzrə 53 milyon nüsxə satılıb. Satışların 75,7 faizi “PlayStation 5” (PS5) konsolunun payına düşüb. Oyunun ümumi satış gəliri isə təxminən 4,7 milyard dollar təşkil edib. PS5 üzrə satışların 33,5 faizi ABŞ-da qeydə alınıb.
Statistikaya əsasən, 7 milyondan çox oyunçu GTA VI-da 50 saatdan, 250 minə yaxın oyunçu isə 100 saatdan artıq vaxt keçirib.
Qeyd edək ki, açıqlanan rəqəmlər “Rockstar Games” və ya “Take-Two” şirkətlərinin rəsmi məlumatları deyil, müstəqil analitik hesablamalardır. Dəqiq satış göstəricilərinin maliyyə hesabatları dərc edildikdən sonra açıqlanacağı gözlənilir.

