Bakının Nizami rayonunda toy məclislərindən mobil telefon oğurlayan şəxs saxlanılıb.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İki vətəndaşın mobil telefonunun oğurlanması barədə polisə daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş M. Rəhmanov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, rayon ərazisindəki restoranlarda keçirilən toy məclislərinə daxil olaraq qonaqların mobil telefonlarını oğurlayıb.
Məclis iştirakçılarından heç kimi tanımayan M. Rəhmanov şadlıq saraylarına sərbəst daxil olub, masaların arasında dolaşaraq qonaqları müşahidə edib. Qonaqlar rəqs etmək üçün masadan qalxdıqda isə nəzarətsiz qalan telefonları götürərək ərazidən uzaqlaşıb.
Oğurlanan iki mobil telefonun ümumi dəyəri 3 300 manat olub. Saxlanılan şəxs həmin telefonları sonradan 710 manata satıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə M. Rəhmanov barəsində həbs qətimkan tədbiri seçilib.

