Britaniyanın müdafiə naziri Con Hili ikinci yaşayış yeri üçün nəzərdə tutulan vergini vaxtında ödəmədiyi üçün demək olar ki, 1,5 min funt sterlinq (təxminən 2 min dollar) borc yaranıb. Bu barədə The Daily Telegraph məlumat yayıb.
Nazirin nümayəndələrinin sözlərinə görə, verginin ödənilməməsi Vestminster Şurasının “administrativ xətası” nəticəsində baş verib. Apreldən etibarən ikinci evlərə tətbiq edilən əlavə bələdiyyə vergisi qüvvəyə mindikdən sonra Hili ildə təxminən 2,9 min funt ödəməli idi, lakin faktiki olaraq bunun yarısı qədər məbləğ köçürülüb. Məsələ mediada işıqlandırıldıqdan sonra nazir çatışmayan məbləği dərhal ödəyib.
Hili əsas yaşayış yerini Cənubi Yorkşirdə yerləşən seçki dairəsi – Raumarş və Konisbroda saxlayır. Vestminsterdəki mənzil isə 2023-cü ilin noyabrından parlament hesabına kirayə götürülüb. Nazirlikdən bildirilib ki, artan ikinci ev vergisi səbəbilə o, əlavə ödəniş üçün parlamentdən dəstək istəyə bilər.
Vestminster Şurası mənzilin ikinci yaşayış yeri kimi təsnif edilmədiyini qəbul edərək səhvə görə üzr istəyib.
Müxalifət Heylini məsələ məlum olan kimi bunu ictimailəşdirmədiyinə görə tənqid edib. Mühafizəkarlar Partiyasının sədri Kevin Hollinreyk deyib ki, nazirlərin öz vergilərini belə izləyə bilməməsi onların ölkəni idarə etmək qabiliyyətini şübhə altına alır. Reform UK partiyasının nümayəndəsi Layla Kanninqem isə bildirib ki, adi vətəndaşlar kiçik məbləğlərə görə cəzalandırıldığı halda, nazirlər yalnız media təzyiqindən sonra hərəkətə keçir.

