Filippinin Bamban şəhərinin meri insan alveri ilə məşğul olduğu üçün həbs edilib. Bu barədə The Hindu məlumat yayıb.
Bir neçə il əvvəl keçirilən seçkilərdə mer vəzifəsinə Elis Qo qalib gəlmişdi. 2024-cü ilin martında polisə üz tutan taqətdən düşmüş bir vyetnamlı bildirib ki, onu və daha yüzlərlə qeyri-qanuni miqrantı villalar və kazino yerləşən bir kompleksdə saxlayır, məcburi pulsuz işlərə cəlb edirlər.
Reyd zamanı polis 700-dən çox sənədsiz şəxsi aşkarlayıb – onlar Filippin, Çin, Vyetnam, Malayziya, Tayvan, İndoneziya və Ruandadan olan miqrantlar idi. Bütün bu insanlar ölkəyə qanunsuz şəkildə gətirilmişdi.
İstintaq müəyyən edib ki, insanların ölkəyə gətirilməsi və istismar sxeminin arxasında məhz mer Elis Qo dayanıb. O, insanları qaçıran, kompleksdə saxlayan və işgəncə hədəsi ilə onları fırıldaqçılıq əməliyyatlarında işlətdirən böyük bir cinayət şəbəkəsi yaradıb.
Bundan əlavə, məlum olub ki, o, mer seçkilərində iştirak etmək üçün saxta vətəndaşlıq sənədlərindən istifadə edib.
Noyabr ayında məhkəmə Elis Qo və onun daha yeddi həmçinəsini ömürlük həbs cəzasına məhkum edib.

