ABŞ hakimiyyəti Avropa İttifaqının daxili bazar və rəqəmsal xidmətlər üzrə keçmiş komissarı Tyerri Bretona qarşı vizaya məhdudiyyətlər tətbiq edib. Bu barədə ABŞ dövlət katibinin müavini Sara Rocers X sosial şəbəkəsində məlumat verib.
Rocers xatırladıb ki, Breton Avropanın Rəqəmsal Xidmətlər Aktının əsas müəlliflərindən biri olub. Məhz həmin qanuna istinadla o, 2024-cü ilin avqustunda X platformasının sahibi İlon Maska məktub göndərərək, Maskın o vaxt ABŞ prezidentliyinə namizəd olan Donald Trampla onlayn müsahibə keçirməyi planlaşdırmasına görə təhdid xarakterli xəbərdarlıq edib.
Bretondan başqa, sanksiyalar britaniyalı siyasi məsləhətçi İmran Əhmədə, Almaniyada yerləşən QHT-nin rəhbərləri Anna-Lena fon Hodenberq və Jozefina Ballona, eləcə də Britaniya QHT-sinin rəhbəri Kler Melforda qarşı da tətbiq olunur. Bildirilir ki, onlar ABŞ şirkətləri və rəy liderlərinə qarşı senzura cəhdlərində ittiham edilirlər.

