Rusiya mediasının yaydığı məlumata görə, ölkədə rabitə operatorlarını FSB-nin tələbi ilə istənilən əlaqəni bloklamağa məcbur edən qanun qüvvəyə minir. Fevralın 20-də Rusiya Prezidenti Vladimir Putin parlamentin hər iki palatası tərəfindən təsdiqlənmiş sənədi imzalayıb. Qanun imzalanmadan 10 gün sonra qüvvəyə minəcək.
Sənədə əsasən, rabitə operatorları prezidentin normativ-hüquqi aktlarında nəzərdə tutulan hallarda FSB-dən daxil olan tələb əsasında xidmətlərin göstərilməsini dayandırmalıdır. Eyni zamanda, operatorlar bu tələblərin icrası ilə bağlı müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə məsuliyyət daşımayacaqlar.
Beləliklə, prezident ayrı-ayrı regionlarda və ya ölkə üzrə internet və telefon əlaqəsinin bloklanmasına dair qərar qəbul edə biləcək və bunun əsaslarını açıqlamaq məcburiyyətində olmayacaq.
Siyasi şərhçi Dmitri Oreşkinin fikrincə, yeni qanun təhlükəsizlik strukturlarının, xüsusilə FSB-nin rolunu daha da gücləndirir. Onun sözlərinə görə, Putin bu addımla səlahiyyətlərini genişləndirir və vətəndaş cəmiyyətinin imkanlarını məhdudlaşdırır.

