Küveytin Daxili İşlər Nazirliyi ölkədə sabataj planında şübhəli bilinən və “Hizbullah” hərəkatı ilə əlaqəli olduğu iddia edilən 16 nəfərin saxlanıldığını açıqlayıb.
Bu barədə çərşənbə axşamı Al Arabiya telekanalı məlumat yayıb.
“Qrup ölkədə təhlükəsizlik vəziyyətini sabitsizləşdirməyə və insanları terror təşkilatına qoşulmaq üçün cəlb etməyə çalışırdı”, — deyə Küveyt Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.
Nazirlik həmçinin qeyd edib ki, saxlanılan şəxslərdən silahlar, kameralarla təchiz olunmuş dronlar və radioötürücü qurğular müsadirə olunub. Məlumata görə, saxlanılanların 14-ü Küveyt, ikisi isə Livan vətəndaşıdır.

