Tbilisidə Müqəddəs Üçlük kafedralında Gürcüstanın katolikos-patriarxı II İliyanın dəfn mərasimi keçirilir.
Kafedralda patriarxın vida mərasimi (yola salınması) təşkil olunub və mərasimi patriarx taxtının müvəqqəti rəhbəri mitropolit Şio (Mudjiri) icra edir.
Yaxın saatlarda Tbilisiyə Ümumdünya patriarxı Varfolomeyin gəlməsi gözlənilir və onun da mərasimdə iştirakı nəzərdə tutulur.
Patriarxın dəfni isə Tbilisidə yerləşən Sioni kafedralında baş tutacaq.

Böyük izdiham səbəbindən gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Bazar günü Müqəddəs Üçlük kafedralına yalnız xüsusi buraxılışla giriş icazəsi verilir və bu qayda Sioni kafedralına da şamil olunacaq.
Minlərlə insanın mərasimi izləyə bilməsi üçün kilsə ətrafında böyük ekranlar quraşdırılıb və ilahi liturgiya yayımlanır.
Qeyd edək ki, II İliya martın 17-də Tbilisidə vəfat edib, onun 93 yaşı var idi.

