Konqo Demokratik Respublikası ABŞ-dan deportasiya olunan üçüncü ölkə vətəndaşlarını qəbul edəcək. Bu barədə Reuters xəbər verir.
Agentliyin məlumatına görə, bu addım ABŞ administrasiyası ilə yeni razılaşma çərçivəsində həyata keçiriləcək. Konqo hökuməti xarici vətəndaşların qəbuluna aprel ayından başlamağı planlaşdırır. Onların dəqiq sayı isə açıqlanmayıb.
Konqo tərəfi bildirib ki, ABŞ deportasiya olunan şəxslərin paytaxt Kinqaşada yerləşdirilməsi xərclərini qarşılayacaq. Bu məqsədlə şəhər yaxınlığında xüsusi yerləşdirmə məntəqələri hazırlanacaq.
Qeyd edək ki, ötən il ABŞ prezidenti andiçmə mərasimindən sonra ilk çıxışında ölkəyə qeyri-qanuni miqrasiyanın qarşısını almaq və milyonlarla miqrantı deportasiya etmək niyyətini açıqlamışdı. O, Meksika ilə sərhəddə vəziyyətə görə fövqəladə rejim tətbiq edilə biləcəyini və oraya qoşun göndəriləcəyini də bildirmişdi.
ABŞ administrasiyası qeyri-qanuni miqrantların məhkəməsiz deportasiyasına icazə verib. Bundan əvvəl Vaşinqton deportasiya olunanların Salvador, Kosta-Rika, Qana, Kamerun və Ekvatorial Qvineyaya göndərilməsi ilə bağlı razılıq əldə edib.

