Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin balıq yetişdirmə ilə bağlı ona master-klass dərsi keçdiyini bildirib.
Belarus lideri bu barədə Moqilyov vilayətinin Krasnopolye rayonunda yerləşən “Paluj” balıq təsərrüfatına səfəri zamanı danışıb. Ona ötən il balıqçılıq sahəsində əldə olunan nəticələr və inkişaf perspektivləri, o cümlədən xüsusi tor qəfəslərdə – sadəklərdə balıq yetişdirmə texnologiyası barədə məlumat verilib.
Bu üsulda balıqlar su hövzələrində axın olan və ya su dövranı yüksək olan ərazilərdə yerləşdirilən tor kameralarda saxlanılır.
Aleksandr Lukaşenko bildirib ki, bu texnologiyanı ona şəxsən Vladimir Putin göstərib:
“Mən bu sadəkləri görmüşəm, Putin mənə göllərdə göstərmişdi. Biz xüsusi olaraq ora getmişdik. Həqiqətən çox yaxşı görünür və çox təsirlidir.”
Mətbuat xidməti qeyd edib ki, söhbət Belarus prezidentinin daha əvvəl Kareliyaya səfəri zamanı baş verən hadisədən gedir.

