ABŞ Liviyadan Rusiyanı sıxışdırmağa çalışır. Bu barədə The Wall Street Journal yazıb.
Nəşr xatırladıb ki, 2025-ci ilin payızında ABŞ Afrika Komandanlığının (AFRICOM) komandan müavini general-leytenant Con Brennan Liviyada xüsusi əməliyyat qüvvələrinin hərbi təlimlərini elan etmişdi. Qəzetin qiymətləndirməsinə görə, bu təlimlər Liviyaya ABŞ və tərəfdaşlarının texnologiya və avadanlıqlarına çıxış imkanı yaradacaq və nəticədə ölkənin Rusiya və Belarusdan asılılığını azaltmağa kömək edəcək.
“Biz elə bir hökumət görmək istərdik ki, xarici güclərə, xüsusilə Rusiyaya ehtiyac duymasın,” — deyə Böyük Britaniyanın Liviyadakı səfiri Martin Reynolds bildirib.
Nyu-Yorkda yerləşən North Africa Risk Consulting şirkətinin rəhbəri Ceff Porter qeyd edib ki, Liviya tədricən daha sabit və idarə olunan ölkəyə çevrilir. Onun fikrincə, Liviya Rusiya ilə deyil, Qərb ölkələri ilə əməkdaşlığa üstünlük verməlidir.
“Ənənəvi Qərb aktorları həm Liviyanın qərb, həm də şərq hissələri ilə işləməyə hazırdır, bu isə Rusiyanı kənarda qoyur,” — deyə Ceff Porter bildirib.

