Mali hakimiyyəti qəlyanların dövriyyəsi ilə bağlı qanunvericiliyi ciddi şəkildə sərtləşdirib. Yeni qaydalar qəlyanların istehsalı, idxalı və saxlanılmasına görə ağır cəzalar nəzərdə tutur.
Bu barədə Malijet portalında dərc olunan sərəncamda bildirilir.
Sənəddə qeyd olunur ki, qəlyandan istifadəyə qadağa artıq bütün ölkə ərazisini əhatə edən tam qadağa xarakteri daşıyır.
Yeni tədbirlər 2022-ci ildə qüvvədə olan qaydalarla müqayisədə məsuliyyəti xeyli ağırlaşdırır. Həmin vaxt qəlyanla bağlı pozuntuya görə maksimum həbs müddəti 10 gün, cərimə isə 30 dollaradək idi.
İndi isə qəlyan və ona aid məhsulların istehsalı və ölkəyə gətirilməsinə görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə və 8,5 min dollardan 25,5 min dollaradək cərimə nəzərdə tutulur.
Bu məhsulların saxlanılmasına görə isə 3 aydan 12 ayadək həbs və 3,4 min dollaradək cərimə tətbiq edilə bilər.
Məhdudiyyətlərin ictimai sağlamlığın qorunması siyasəti çərçivəsində qəbul edildiyi bildirilir. Qərarın əsas məqsədi xüsusilə gənclər arasında qəlyan çəkilməsinin yayılmasının qarşısını almaqdır.

