İyulun 11-də 71 yaşında vəfat edən ABŞ-li respublikaçı senator Lindsi Qrehemlə vida mərasimi Vaşinqton Milli Kafedralında keçirilib. Mərasimdə ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens, İsrailin Baş naziri Benyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak ediblər.
Mərasimin ciddi anlarında ön sırada əyləşən Tramp, Vens və ABŞ-nin maliyyə naziri Skott Bessent arasında yaşanan maraqlı dialoq kameralara düşüb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Trampın cibindən çıxardığı konfeti yediyi, daha sonra isə birini də Vensə təklif etdiyi görünür. Bessentin də söhbətə qoşulmasından sonra onların gülümsəməsi və zarafatlaşması sosial mediada geniş müzakirə olunub.

Tramp mərasimdə çıxış edərək Qrehemi “əsl Amerika fenomeni” və yaxın dostu adlandırıb. O, senatorla son 10 il ərzində yaxın münasibətlərə malik olduğunu bildirib.

ABŞ Prezidenti Qrehemin sərt xarici siyasət mövqeyinə də zarafatla toxunub:
“Onun xoşlamadığı müharibə yox idi. Amma bütün bunları ölkəmizin mənafeyi üçün istəyirdi”.
Tramp Qrehemin Vaşinqton siyasətindəki rolunu vurğulayaraq, 30 ildən artıq müddətdə paytaxtda baş verən mühüm hadisələrin demək olar ki, heç birinin onun iştirakı olmadan keçmədiyini söyləyib.

Qrehem iyulun 11-də qəfil ürək-damar problemi nəticəsində vəfat edib. Vaşinqtondakı rəsmi mərasimdən sonra onun nəşi doğma Cənubi Karolina ştatına aparılıb. Senatorun iyulun 29-da keçiriləcək xüsusi mərasimdən sonra dəfn olunacağı bildirilib.

