Səudiyyə Ərəbistanı Qırmızı dənizdə gəmiçiliyi husilərin hücumlarından qorumaq üçün beynəlxalq koalisiya yaratmağı planlaşdırır.
Reuters mənbələrə istinadən yazır ki, koalisiyanın yekun tərkibi hələ müəyyənləşdirilməyib və məsələ ilə bağlı onlarla ölkə ilə danışıqlar aparılır.
Bu təşəbbüs Yəmənin “Ənsar Allah” hərəkatının 20 iyulda Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsindən sonra gündəmə gəlib. Husilər daha sonra Qırmızı dənizdə Səudiyyə gəmilərinə hücum etdiklərini bildiriblər. Riyad isə buna cavab olaraq Yəmənin Hudeydə limanındakı husi hərbi obyektlərinə zərbələr endirib.
Qırmızı dəniz və Bab əl-Məndəb boğazı beynəlxalq ticarət və enerji daşımaları üçün əsas marşrutlardan sayılır. Bölgədə gərginliyin artması gəmiçiliyin təhlükəsizliyinə, neft tədarükünə və qlobal qiymətlərə yeni risklər yaradır.
Husilərlə Səudiyyə Ərəbistanı arasındakı qarşıdurma 10 ildən artıqdır davam edir. “Ənsar Allah” hərəkatı 2014-cü ildə Yəmənin paytaxtı Sənanı və ölkənin şimal hissəsinin böyük bölümünü ələ keçirib. Səudiyyə Ərəbistanı isə 2015-ci ildə beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətini dəstəkləyən hərbi koalisiyaya rəhbərlik etməyə başlayıb.

