İran ABŞ-nin ölkənin enerji infrastrukturuna zərbə endirəcəyi təqdirdə, Qırmızı dənizdəki əsas neft marşrutlarının bağlanmasına hazırlaşmaq üçün Yəmənin “Ənsar Allah” hərəkatına müraciət edib.
Bu barədə Reuters məlumatlı mənbələrə istinadən yazıb.
Mənbələrin sözlərinə görə, husilər artıq Bab əl-Məndəb boğazı yaxınlığında raketlər və pilotsuz uçuş aparatları yerləşdiriblər və əməliyyata başlamaq üçün əmr gözləyirlər.
Bildirilir ki, Tehran ABŞ-nin İranın enerji obyektlərinə hücum edəcəyi halda husilərdən Qırmızı dənizdən keçən neft marşrutlarını bağlamağa hazır olmağı istəyib.
Reuters-in materialında qeyd olunur ki, belə bir addım qlobal enerji təchizatı üçün yeni və ciddi təhlükə yarada bilər.
Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan əsas dəniz keçidlərindən biridir.

